Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

“Müdafiə Nazirliyinə göstəriş verdim”

Bu gün yerli tv-lərə müsahibə verən ölkə başçısı İlham Əliyev Ermənistanda revanşizm meyillərinə sərt reaksiya verib.

– Cənab Prezident, Ermənistanda revanşizm meyillərinə toxundunuz. Bu məsələ ilə bağlı Sizin fikrinizi öyrənmək istərdim. Erməni mətbuatında daim revanşist meyillər hiss olunur. Sanki kimlərsə onilliklər boyu, xüsusən Robert Koçaryanın, Serjik Sarkisyanın vaxtında olan mifləri – Ermənistan ordusu, “böyük Ermənistan” miflərini bərpa etməyə çalışır. Sizin fikrinizcə, bu qüvvələrin məqsədi nədir və bu, nə ilə nəticələnə bilər?

– Bəli, mən də bunu, təbii ki, izləyirəm. Deyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir – həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. Bu, birincisi.

İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

O ki qaldı, Ermənistan müxalifətinə, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyünə, əlbəttə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünki biz onların ordusunu məhv etmişik. Paşinyan iki ildə nə ordu yarada bilərdi, nə ordu dağıda bilərdi. Bu, Koçaryan-Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etmişik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdilər və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər. Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdılar. Yəni onlar fəraridirlər, onlar yalançı qəhrəmandırlar. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər. Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olublar, ikisi də Gevorkovun əlaltıları olublar, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənib. Atam Xankəndinə gələndə ikisi də onu orada ayaqüstə qarşılayıb əl çalırdılar. Bunların Ermənistan-Azərbaycan, erməni-Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları var. Yəni onlar Azərbaycan çörəyini yeyib və çörəyi diziüstə olan nankorlardır. Birinci Qarabağ müharibəsində, sadəcə olaraq, özlərindən belə bir mif yaratmışdılar ki, guya bunlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yeşiyidir. Çünki İkinci Qarabağ müharibəsi onu göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətliam törətmişdilər. O vaxt Azərbaycan ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlubedilmiş fərarilər kimi yaşayacaqlar. Əlbəttə ki, belə adamlar istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da bilməlidirlər, indiki hakimiyyət də bilməlidir və istənilən hakimiyyət bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın. Mən bu göstərişi verməsəydim, bu gün də onların vəziyyəti daha ağır olacaqdı. Yəni biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdi sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaqdır.

– Cənab Prezident, bu gün rəsmi Bakı Yerevana sülh təklif edir. Amma Sizin qeyd etdiyiniz kimi, Ermənistan yenə zaman-zaman təxribatlara əl atır. Siz may ayında, noyabrda və dünən baş verən ciddi toqquşmalar barədə danışdınız. Belə halların bir daha baş verməməsi üçün Azərbaycan hansı rıçaqlardan istifadə edəcək və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

– Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq.

-Çox üzr istəyirəm, qısa bir dəqiqləşdirmə. Müqayisəli təhlili apardıq, yəni, Ermənistan tərəfindən davamlı təxribatlar, indiki hakimiyyətin hərəkətlərində mütərəddidlik, qeyri-davamlı proseslərin baş verməsi. Qeyd etdiyiniz məsələ – sülh sazişi və ölkələrin bir-birinin ərazilərini tanıma məsələsinin, fikrinizcə, perspektivi görünür, yoxsa yox?

-Yox, mən bunu görmürəm. Çünki Ermənistan tərəfindən hələlik hər hansı bir cavab verilməyib bu təklifə. Kommunikasiyanın açılması ilə bağlı artıq cavab verilib. Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər. İndi hər kəs bunu yaxşı xatırlayır ki, həm dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu, olmayacaq. Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq.

Baxın

“Azərsu” sədrinin əmlakının ŞOK SİYAHISI

Hefte.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova aid əmlakların şok siyahısı …