Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Azərbaycanda daha bir neçə imtahan təxirə düşdü

Azərbaycanda əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahanın vaxtı dəyişdirilib.

Buna səbəb aprelin 5, 12, 19-na təyin olunmuş buraxılış imtahanlarının koronavirusla mübarizə tədbirləri çərçivəsində təxirə salınması olub.

Dövlət İmtahan Mərkəzi (DİM) BBC News Azərbaycancaya bildirib ki, aprelin 26-da əvvəlki illərin məzunları üçün keçirilməli olan imtahanlardan başqa digər bəzi imtahanların da vaxtı dəyişdirilib.

Aprelin 26-na təyin olunmuş və vaxtı dəyişdirilmiş imtahanların siyahısı:

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu:

  • Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə
  • Buraxılış imtahanında verdiyi xarici dildən fərqli olaraq qəbul imtahanında başqa dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan
  • Buraxılış imtahanını verdiyi dildən fərqli olaraq, qəbul imtahanını başqa dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə)

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu:

  • Qəbul imtahanı (əvvəlki illərin məzunları üçün)
  • Buraxılış imtahanında verdiyi xarici dildən fərqli olaraq, qəbul imtahanında başqa dildə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan
  • Buraxılış imtahanını verdiyi dildən fərqli olaraq, qəbul imtahanını başqa dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə)
  • Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün)

Azərbaycanda koronavirusa görə 11-ci sinif şagirdləri üçün buraxılış və rezidenturaya qəbul imtahanları təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib, DİM bazar ertəsi günü bildirib.

Qurumun məlumatına görə, orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün aprelin 5-i, 12-i və 19-da keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının yeni tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun müəyyən ediləcək.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması 16 mart – 14 aprel müddətində nəzərdə tutulsa da, ərizə qəbulunun yeni vaxtı 30 mart-27 aprel tarixlərinə dəyişdirilib.

Bundan əvvəl təxirə salınan digər imtahanlar – 9-cu siniflər üçün buraxılış imtahanları və 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil üçün qəbul imtahanının yeni vaxtı da müəyyənləşdirilərək elan olunacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanovun imzaladığı əmrə əsasən, Azərbaycanda ali təhsil müəssisələrində dərs ili iki həftə uzadılıb.

Nazirlik bildirib ki, “dərslər martın 27-də başlanacaq və nəzərdə tutulduğu kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək”. Bu dəyişiklik buraxılış kurslarının tələbələrinə şamil olunmayacaq.

Azərbaycandakı bütün təhsil müəssisələrində tədris koronavirus təhlükəsinə görə martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılmışdı.

Daha sonra bu müddət martın 27-dək uzadılıb.

Təhsil Nazirliyi bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdi.

Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …