Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Eks-prezidentin qızına həbs

Ötən il Londonda “əsaslandırılmamış sərvət” iddiasıyla üzərinə həbs qoyulmuş əmlakın Qazaxıstan lideri Nursultan Nazarbayevin qızına və nəvəsinə aid olduğu üzə çıxıb. Onlardan tələb olunub ki, Britaniya paytaxtının bahalı rayonlarında iki malikanə və mənzillər alınmasına sərf edilmiş 100 milyon dolların qanuni yolla qazanıldığını sübut etsinlər.

Bishops avenue küçəsində yeraltı hovuzu və kinoteatrı olan malikanəyə, dəbdəbəli Highgate rayonundakı evə və Chelsea rayonundakı böyük mənzilə ötən ilin yayında Britaniya hüquq-mühafizə orqanlarının tələbilə həbs qoyulmuşdu. Onda hakimiyyət nümayəndələri sözügedən əmlakların məşhur siyasi fiqura aid olduğunu demiş, ancaq nə ünvan, nə də ad açıqlamışdılar.

“Finance Uncovered” və “Transparency İnternational” təşkilatlarıyla birlikdə araşdırma aparan BBC açıq mənbələrdən evlərin kimə məxsus olduğunu və onlarda kimlərin yaşadığını öyrənib. Çərşənbə günü Londonun Yüksək Məhkəməsi mülkiyyət sahiblərinin etirazını rədd edərək informasiyanın açıqlanmasına icazə verib.

Bu şəxslər Qazaxıstanın spikeri və Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və arvadı Aidadır. Onlar bir neçə il əvvəl 100 milyon dollardan çox pul verib aldıqları mülklərinə qoyulmuş həbs qərarından məhkəməyə şikayət ediblər. Hazırda evlərin bazar qiyməti əvvəlkindən xeyli yüksək ola bilər.

Həbs, şübhəli kapitalın Britaniyada əmlak alaraq yuyulmasına qarşı mübarizə kampaniyasının ilk qərarlarından biri olub.

Mübarizənin əsas aləti orderdir. Mülk sahibi onun qanuni yolla əldə etdiyini sübut etməzsə, order verilir və mülk müsadirə edilə bilər.

Nurəli Əliyev

İlk dəfə belə bir order 2018-ci ildə, vətənində məhkum olunmuş azərbaycanlı bankirin arvadına qarşı tətbiq edilib. O da məhkəməyə müraciət edib və bu yaxınlarda məhkəmə işə son nöqtəni qoyub – Zamirə Hacıyevanın etirazını rədd edərək qanunun tam gücüylə işləməsinə mane olan son əngəli aradan qaldırıb; antiyuma kampaniyası yeni mərhələyə daxil olub.

İndi ikinci iş üzrə də məhkəmə prosesi başlayıb.

Ölmüş atanın kölgəsi

Daşınmaz əmlak Niderlandın Antil adasında, Panamada və Britaniyanın Angilya adasında qeydiyyatdan keçmiş üç ofşor şirkətin mülkiyyəti olaraq rəsmiləşdirilib. Cinayətkarlığa qarşı mübarizə agentliyinin (NCA – Milli Cinayət Agentliyi) müstəntiqləri hesab edirlər ki, evlər Nurəli Əliyevin atası, Dariqa Nazarbayevanın keçmiş əri Rahat Əliyevin cinayət yoluyla əldə olunmuş gərirləri hesabına satın alınıb.

Nazarbayevin bir zamanlar böyük nüfuz sahibi olmuş kürəkəni 2000-ci illərin əvvəllərində qaynatasının qəzəbinə tuş gəlib, ölkəni tərk edib, qiyabi şəkildə məhkum olunub, Avstriyada həbs edilib və 2015-ci ildə həbsxana kamerasında ölü tapılıb.

Hovuzlu malikanəni satın alanda – 2014-cü ildə Nurəlinin hələ heç otuz yaşı da yoxuydu, ancaq artıq Qazaxıstandakı banklarda və şirkətlərdə yüksək vəzifələrdə işləmişdi. 2014-cü ildə isə o, dövlət vəzifəsinə keçmiş və iki il paytaxt merinin müavini vəzifəsində çalışmışdı.

İki bankirin qətlində ittiham edilən atası həmin dövrdə Avstriya həbsxanasındaydı və tezliklə mühakimə olunmalıydı. Rahat Əliyev Dariqadan 2007-ci ildə boşanmışdı. Nazarbayevanın vəkili məhkəmədə məhz bu fakta istinad edərək deyib ki, 2008-ci ildən sonra alınmış mülkə Rahat Əliyevin aidiyyəti yoxdur.

İşin qurama olduğunu iddia edən vəkil müstəntiqləri “dünya haqqında absurd patriarxal təsəvvürə” malik olmaqda ittiham edib, Nazarbayevanın pul qazanmaq bacarığına malik müstəqil qadın olduğunu bildirib.

Vəkillərin və ailənin sözlərinə görə, Nazarbayevanın öz pullarını necə idarə etməsi və ona məxsus mülklərin idarəçiliyinin vergi optimallaşdırmasına nəzərən təşkil edilməsiylə bağlı bütün sənədlər NCA-ya təqdim olunub.

“NCA sənədləri araşdırmaqdan imtina etdi. Onlar məhkəmənin publik olmasında israr edirlər” – məhkəmədə vəkil Clare Montgomery belə deyib.

Nazarbayevin nəvələri bundan əvvəl də Londonun məhkəmə xronikasının qəhrəmanı olublar.

Dariqanın ortancıl oğlu Aysultan Nazarbayev keçən ilin oktyabr ayında narkotik vasitənin təsiri altında polislərə müqavimət göstərmiş, birini vurmuş və dişləmişdi.

Buna görə ona şərti cəza verilmiş, cərimə kəsilmiş və üzərinə narkotik asılılıqdan müalicəni davam etdirmək öhdəliyi qoyulmuşdu.

Keçən il Nazarbayev prezident postundan imtina etmiş, ancaq Təhlükəsizlik Şurasının və hakim partiyanın sədri olaraq qalmış, ömürlük Elbası – milli lider tituluna sahiblənmişdi.

Evlərin aqibəti necə olacaq?

Londonun Bishops avenue küçəsində Əliyevlərin evi
Londonun Bishops avenue küçəsində Əliyevlərin evi

Yeni qaydalar (Əsaslandırılmamış Sərvət Sərəncamı – Unexplained Wealth Orders) ancaq Yüksək Məhkəmənin sanksiyasıyla və iki kateqoriyaya aid şəxslərə tətbiq edilə bilər: Avropa xaricindəki məşhur siyasi fiqurlara və vətəndaşlığından asılı olmayaraq qatı cinayətlərdə şübhəli bilinən şəxslərə.

Nazarbayeva, Əliyev və onların ofşor şirkətləri mülklərə qoyulmuş həbslərin qanunsuz olduğunu sübut edə bilsələr, order ləğv olunacaq. Əks halda tələbləri yerinə yetirməli və gəlirlərinin qanuniliyini sübut etməli olacaqlar.

Bunu bacarmasalar, hüquq-mühafizə orqanları bir daha məhkəməyə müraciət edəcəklər – bu dəfə evlərin müsadirəsi və hərracda satılması tələbiylə. Əldə edilmiş vəsait Britaniya xəzinəsinə veriləcək.

Həbs orderi sadəcə ilkin sorğu alətidir, “əsaslandırılmamış sərvət”lə bağlı mülki işlərdə mülk sahiblərinə qarşı heç bir iddia irəli sürülmür, onların günahkar olub-olmaması mübahisə predmeti deyil.

Bu məsələyə ümumiyyətlə toxunulmur, çünki cinayət təqibi daha ciddi sübut bazası tələb edir və çox zaman da digər ölkələrin qanunlarının interpretasiyasını nəzərdə tutur; bu isə İngiltərə məhkəməsinin kompetensiyasına daxil deyil.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …