Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Bugün Yel Çərşənbəsidir

Həftə.az xəbər verir ki, bugün Azərbaycanda Yel (Hava) Çərşənbəsidir. Dünyanın yaranmasında iştirak edən dörd ünsürün sonuncusu havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel Çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə mənəvi, (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc – torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Bu xüsusiyyətinə görə bəzən hava ruhla eyniləşdirilir. Maraqlıdır ki, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.

Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar.

Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.

Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər».

MƏNİM ÖLÜM XƏBƏRİM ANAMA DESİN YELLƏR

Səhərdən əsən yellər,
Kəndirim kəsən yellər,
Mənim ölüm xəbərim
Anama desin yellər!

Qeyd etmişdik ki, yunan mifologiyasında əsasən üç külək Zefir, Borey və Not dünyanın, eləcə də onun ayrı-ayrı elementlərinin yaranmasında fəal iştirak edir, cansız varlıqlara can verir, bəzən fəlakətlərin törədicisinə çevrilir, bə‘zən də sadəcə olaraq insanlara bəlalı xəbərlər gətirməklə kifayətlənir. Bu mifik küləklərin ən xeyirlisi qərb ölkəsi Qasperidən əsən ölüməməhkum Zefirdir ki, özü ilə isti yağışlar gətirib, torpağın üstünə səpir, bitkiləri yuxudan oyadır, təbiəti canlandırır. O, soyuqqəlbli Boreydən və quru Notdan incik düşmüşdü, çünki uşaqlıqda onlardan çoxlu əzab-əziyyət görmüşdü. Xatırladaq ki, dəlisov xasiyyətli Borey (ruslarda «burya», bizdə isə «boğanaq» adlanır, hər iki sözün «Borey»lə qohumluğu göz qabağındadır) yunanların təsəvvüründə ölü qızları çox sevir, onları həyasızcasına qaçırır və heç vaxt «oğurluq üstə» ələ keçmir». Əski Şərq mifoloji sistemində isə dünyanın dörd tərəfində (aşağı, yuxarı, sağ, sol) yaşayan dörd külək (Qərb, Şərq, Cənub, Şimal) mövcuddur. Onların ikisi mülayim xasiyyətli (Cənub və Şərq küləklərii), ikisi isə sərtdir (Şimal və Qərb küləklərii).

Maraqlıdır ki, «Yel baba» ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş eldir. Ola bilsin ki, ilkin inanışlarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilirdi.

QIZLARIN KÜLƏYƏ ƏRƏ GETMƏK İSTƏYİ

«Azərbaycan folkloru» toplusunda yuxarıda deyilənlərlə səsləşən olduqca maraqlı bir faktla rastlaşırı: «Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar: «Boğanaq gəlmə, sənə gedəcəyəm»-deyirlər».

Azərbaycan inancındakı qızların boğanağa ərə getmək istəyi və “Yel baba” mərasim nəğməsinin “Mənim ölüm xəbərim Anama desin yellər” misraları ilə Boreyin ölü qızları qaçırması arasında əlaqə göz qabağındadır. Lakin yunan miflərindən fərqli olaraq Azərbaycan inancında qızlar sağ ikən özləri könüllü surətdə sərt küləyə ərə gedəcəklərini və‘d edirlər, bununla da onun könlünü oxşayıb, arzusunun yerinə yetirilməsinə ümid yaradırlar və taxıl döyümündə şiddətli əsməsinin qarşısını alırlar. Başqa sözlə, nəğməni eşidəndən sonra Boğanağa – Boreyə qızların ölməyini gözləmək və oğurluq etmək lazım gəlmir, çünki taxıl döyülüb qurtaran kimi onları öz xoşları ilə qoynuna alıb istədiyi yerə apara biləcək.

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibariləqədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.


İnanclar:
– Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər.
– Yeli əsdirəni söyməzlər.
– Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

ATALAR DEYİB Kİ…

•Yel aparan yelinki,
Yerdə qalan mənimki.
•Yelə tüpürsən öz üstünə gələr.
•Yel qayadan nə aparar?
•Yelnən gələn, selnən gedər,
Elnən gələn, külnən gedər.
•Yel aparsa, sənə nə qalar?
•Yelə dedilər: – Əsmə!
Dedi – Kələyimi kəsmə.
•Yel üfürüb şişirtdiyini göyə qaldırar.
•Yelin zarafatı qovmaqla başlanır.
•Yelə verdiyin düşmənə qismət olar.
•Yelin işi elnən deyil, külnəndi.
•Yel olmasa, sel də olmaz.
•Yelə qoşulan çox uzuğa getməz.
•Yeldən aman diləməzlər.
Yel çərşənbəniz mübarək!!!

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …